XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Samid İmanov
ÜMÜMİ XƏBƏRLƏR
14/10/2021 01:11

Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabrda Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

Samid İmanov 1988-1998-ci illərdə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində təhsil alıb. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib və Ulu Öndər Heydər Əliyev tərəfindən mükafata layiq görülüb.

Samid İmanov 2013-cü ildə ailə həyatı qurub. Onun bir qızı və bir oğlu var.

Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

Gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarına qatılıb. 2007-ci ildə “Anadolu-2007” və “Anadolu Qartalı-2007” birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həm də Pakistanda “Ləpirçi və antiterrorçu”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak edib.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçib və əməliyyat keçirib. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilib.

Samid İmanov həm də bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıdıb, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşun komandanının köməkçisi vəzifəsini icra edib.

Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində, “Qırmızı meydan”da faşizm üzərində qələbənin (1941-1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qatılıb. Bununla bağlı ona medal da təqdim olunub.

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatılıb. Azərbaycan-Ermənistan təmas xəttində 24 illik fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə atışıb.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alıb. Əsgərlər onu döyüş meydanından aparmaq istəsələr də, Samid İmanov buna qəti surətdə etiraz edib və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərin etirazına baxmayaraq mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verib. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq, Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıdıblar, amma mayor İmanov artıq orada deyildi. Əsgərlər ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün qəhrəman oradan uzaqlaşıb. Bütün mərmiləri qurtaran mayor İmanov düşmən tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlayıb. Səhərə qədər əsgərlər onu tapa bilməyib və mayor Samid İmanov qanaxma nəticəsində qəhrəmancasına şəhid olub. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülüb və doğma Neftçala rayonuna aparılıb.

 

Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınıb.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Mayın 16-sı isə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü “Azərbaycanın Milli Qəhrəmanı” ordenini onun atası Gülağa İmanova təqdim edib.

Baxış sayı: 3282