XƏBƏRLƏR
MƏLUMAT
“Qartal” ləqəbli Şuşa fatehi Ramiz Cəfərov
ÜMÜMİ XƏBƏRLƏR
10/12/2021 01:04

Vətən müharibəsində qəhrəmanlığı ilə Azərbaycanın adını tarixə yazan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovdur.

Fərrux Cəfərov əslən Masallı rayonundandır. 1974-cü ilin dekabrın 10-da Ukraynada anadan olub. 1988-ci ildə hərbi liseyə (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey - red) daxil olub. Orada Polad Həşimovla birgə oxuyublar. Dörd il liseydə təhsil aldıqdan sonra 1992-ci ildə Ryazan şəhərinə gedib və desant məktəbində təhsilini davam etdirib. 1996-cı ildən Azərbaycan Milli Ordusunda xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrdə komandir köməkçisi, qərargah rəisi olub.

Dostları ona “Qartal” ləqəbi veriblər. Ryazanda oxuyanda paraşütlə tullanıblar. Ramizin paraşütünün ipləri dolaşıb, həmin vaxt özünü itirməyib, elə göydəcə vəziyyətdən çıxıb. Qoçaqlığına görə belə ad veriblər.

Aprel döyüşlərində də iştirak edib.

Ramiz Cəfərov 2001-2018-ci illər ərzində bir sıra medallara layiq görülüb: “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Azad olunan bir çox yerlərdə - Füzulidə, Hadrutda, Cəbrayılda, Qubadlıda, Zəngilanda və sonda Şuşada döyüşüb. Noyabrın 6-da Şuşa istiqamətində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ramiz Cəfərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “"Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ramiz Cəfərovun 5 övladı yadigar qalıb. O, böyük qızı Rəbiqənin toyunu görməyi arzulayırdı.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun ən böyük arzusu torpaqlarımızı işğaldan azad görmək idi. O, bu amal uğrunda son nəfəsinədək qəhrəmancasına vuruşdu, düşmənə sarsıdıcı zərbələr endirib.

Bu gün onun ruhu şaddır ki, uğrunda şəhidlik zirvəsinə yüksəldiyi Şuşada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.

Baxış sayı: 276