XƏBƏRLƏR
MƏLUMAT
Milli teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan Məhərrəm Haşımov
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2022 01:07

Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olub. O, 1936-cı ildə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

Xalq artisti Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş verib. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxıb.

1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışıb. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi durub.

Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V.Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş verib.

Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilib və baş rejissor olaraq fəaliyyət göstərib. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışıb. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

Görkəmli teatr rejissoru Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat edib.

Baxış sayı: 204