XƏBƏRLƏR
MƏLUMAT
Cəsur və qorxmaz döyüşçü -kiçik gizir Nail İbrahimli
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2022 01:13

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimli 1994-cü il martın 4 -də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə V.İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Nail İbrahimli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xaçmaz kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Baxış sayı: 410