XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Molla Vəli Vidadinin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2022 01:40

Molla Vəli Vidadi 17 mart 1709-cu ildə Şəmkirdə anadan olub. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçib. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi.

Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə alıb. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçüb. O, ilk təhsilini Şəmkirdə alıb, oxumağı davam etdirmək üçün Poyluya gəlib. O, ərəb, fars dillərini mükəmməl öyrənib. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlib, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olub. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınıb. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salıb.

Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməyib. Müəyyən müddət Qarabağ xanlığında yaşayıb, Tiflisdə İraklinin sarayında xidmət edib, lakin bizə məlum olmayan səbəbə görə həbs edilib və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb, ömrünün sonuna qədər orada yaşayıb.

Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür. Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.

Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olub. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunub.

Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat edib və Gəmiqaya adlı yerdə dəfn olunub.

Baxış sayı: 749