XƏBƏRLƏR
MƏLUMAT
Bu gün aktrisa Süsən Məcidovanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2023 00:27

Bir payız günündə, 1916-cı ilin 14 oktyabr tarixində Bakıda dünyaya göz açan Süsən Məcidova sənətə, səhnəyə hələ kiçik yaşlarından həvəs göstərib. İbtidai təhsili dördillik olmasına baxmayaraq, ədəbi əsərləri qavramaqda çətinlik çəkmədən səhnəyə çıxıb, 1929-cu ildə ilk dəfə dram dərnəyində çıxış edib. Bir müddət sonra Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda çıxış edib. Sənətin əhəmiyyətini, dəyərini dərindən bildiyindən ömrünün sonuna qədər 1933-cü ildən qədəm qoyduğu Gənc Tamaşaçılar Teatrına sadiq qalıb, teatrın aparıcı aktrisalarından biri kimi tanınıb, sevilib.  

Xarakterik rollar ifaçısı kimi tanınan Süsən Məcidova tez bir zamanda filmlərə dəvət alıb, 1955-ci ildə iki filmdə (“Bəxtiyar”, “Görüş”) çəkilib. Bundan sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində maraqlı rollar yaradıb, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Anlamaq istəyirəm” kinodramında Bikə, “Əmək və qızılgül” kinodramında Sürəyya, “Günlərin bir günü…” filmində Mirvari, “Həyat bizi sınayır”da Sadıqın arvadı, “O qızı tapın” detektiv dramında Səyyarə, “Tütək səsi” müharibə dramında Suğra xala,  “Sən niyə susursan?” dram-macəra filmində Bəbirin yanında işləyən qadın, “Şir evdən getdi” filmində nənə, “Telefonçu qız” məhəbbət dramında Səlminaz, “Tənha narın nağılı” dramında Bəyxanım və digər filmlərdə yaddaqalan obrazlar oynayıb. Ekran obrazlarının çoxu kiçikplanlı olsa da, aktrisa potensialı çərçivəsində rolun həyat durumuna və psixologiyasına uyğun şəkildə personajları inandırıcı təqdim etməyə nail olub. 

Yaradıcılıq duyumu güclü olan Süsən xanım Azərbaycan kinosunda 30-a yaxın müxtəlif janrlı filmdə fərqli xarakterlər yaradıb, eyni zamanda xarici və yerli filmlərin səsləndirilməsində yaxından iştirak (“Gün keçdi” – nənə, “Uşaqlığın son gecəsi” – nənə və s.) edib.

Unudulmaz teatr, kino aktrisası Süsən Məcidovanın bu və ya digər filmlərdəki rollarına dəqiq yanaşma üslubu, fərdi sənət düşüncəsi, yozumu müxtəlif dövr insanlarının xarakterlərini çözməyə, ekran əsərlərinin məzmununu dəqiq şərh etməyə imkan verib, ekran əsərlərinin inandırıcı təsir bağışlamasına səbəb olub. Sənətdə göstərdiyi peşəkarlığa, böyük sənət sevgisinə görə də sənətsevərlərin qəlbində, yaddaşında iz salıb, əziz xatirəsi hörmətlə anılıb. Aktrisa 17 iyun 1943-cü ildə Azərbaycanın Əməkdar artisiti fəxri adına layiq görülüb.

Süsən Məcidova 24 iyun 1985-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 77