XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın görkəmli rəssamı Əzim Əzimzadənin əsərlərindən ibarət videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2021 03:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Azərbaycanın görkəmli rəssamı Əzim Əzimzadənin yaradıcılığına müraciət edərək, rəssamın əsərlərindən ibarət videoçarx hazırlayıb.

Əzim Əzimzadə 1880-ci ilin 7 may tarixində Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920–1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932–1937-ci illərdə isə direktor olub.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat edib. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

https://facebook.com/story.php?story_fbid=1884020705088890&id=100004429351745

Baxış sayı: 106