XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar rəssamı Natiq Fərəcullazadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/01/2023 23:31

Natiq Nadir oğlu Fərəcullazadə 1960-cı il yanvarın 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərib. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olub.

Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutub. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s. əsərləri bu qəbildəndir.

Rəssamın yaradıcılığının sonrakı illərində heraldika xüsusi yer tutub. O, Azərbaycanın bir sıra orden və medallarının eskiz müəllifidir. Bundan əlavə, Natiq Fərəcullazadə Azərbaycanda və xaricdə təşkil edilən beynəlxalq idman yarışları üçün medal eskizləri hazırlayıb. Rəssam "Əsrin müqaviləsi - 20 il", "Naxçıvan Muxtar Respublikasının 90 illiyi", "TANAP" xatirə-pul nişanlarının, I Avropa Oyunlarının xatirə medalının, Üzeyir Hacıbəylinin 130 illik yubiley medalının, Nizami Gəncəvi medalının, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalının, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının, "Rəşadət" ordeninin, "Şücaətə görə" medalının və başqa nümunələrin müəllifidir.

Natiq Fərəcullazadən bir çox sərgilərdə iştirak edib. Onun qatıldığı ilk sərgi 1985-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində keçirilmiş "SSRİ-nin 60 illiyi" (SSRİ Rəssamlar Akademiyası) olub. Bundan əlavə o, "Vətənin gəncliyi" (Respublika sərgisi. Bakı, 1987), "Şüşə və keramika" (I Respublika sərgisi. Bakı, 1987), "Kiçik Forma" (Respublika sərgisi. Bakı. 1988), "31 Mart Soyqırımı" (Muzey Mərkəzi. Bakı, 2010), "Xocalı Soyqırımı" (Müsabiqə. Bakı, 2011) kimi sərgilərdə də iştirak iştirak edib. 1995-ci ildə İstanbulda rəssamın 35 illik yubileyinə, 2010-cu ilin 22–28 yanvarında isə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssamın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgiləri keçirilib. Onun əsərləri Azərbaycanda və xaricdə muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Baxış sayı: 435