XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa Fatma Qədri
ÜMÜMİ XƏBƏRLƏR
14/04/2021 01:07

Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədri 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulub. Rus dilində təhsil alıb və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun aktyorluq fakültəsinin ilk məzunlarındandır.

Fatma Qədri 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Səhnə fəaliyyətinə elə həmin ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi obrazlar yaradıb.

1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov) olub.

1933-cü ildən pedaqoji fəaliyyət göstərib.

“Azərbaycan SSR-nin Əməkdar artisti” (1936), “Azərbaycan SSR-ninXalq artisti” fəxri adlarına (1943), "Şərəf Nişanı" ordeninə (1959) layiq görülüb.

Fatma Qədri 29 fevral 1968-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 178