XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının xalq artisti Oqtay Ağayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2019 23:25

Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti Oqtay Cəfər oğlu Ağayev  noyabrın 7-də 1934-cü ildə Bakıda dünyaya gəlib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirib və texnikumda dərs deməyə başlayıb. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin "Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

Baxış sayı: 1896