XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı İlyas Əfəndiyevin “Geriyə baxma qoca” əsəri haqqında məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2021 07:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan ictimai fikrinin XX əsrdə yetirdiyi nadir ədəbi simalardan biri, Azərbaycan xalq yazıçısı, məşhur nasir və dramaturq İlyas Əfəndiyevin “Geriyə baxma qoca” əsəri haqqında məlumat təqdim edib.

Məlumatda bildirilib ki, yazıçı ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyil edib, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməyib. Ədibin müxtəlif janrlı əsərlərində qaldırdığı sosial-psixoloji, mənəvi-əxlaqi mövzular və problemlər indiki dövrdə də müasirdir, düşündürücüdür. Dağlar arxasında üç dost”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Üçatılan”, “Geriyə baxma, qoca”, “Sarıköynəklə Valehin nağılı” kimi romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə, Səriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur.  

Dramaturq kimi o, “İntizar”, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Məhəmməd Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Odlu səhradan gəlmiş şeytan”, “Bizə inan”, “On manatlıq lüstr”, “Hökmdar və qızı” pyeslərini qələmə alıb. 

"Geriyə baxma, qoca" romanı kənd mühitini, tərəkəmə həyatını ən kövrək çalarla, ən gözəl və təbii şəkildə əks etdirən romandır. Avtobioqrafiq əsər hesab olunan "Geriyə baxma qoca" romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdı. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib.  Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarıb. Altmış altı yaşlı müəllifin bu həyata, xalqın keçmişinə, folkloruna, adət-ənənələrinə olan sevgisi balaca Muradın fonunda təqdim edilir. Ədib romanda yaxşı, pis, xoşbəxtlik, bədbəxtlik, həyat, ölüm, sevgi, nifrət kimi insan mənəviyyatının təzahürü olan hissləri nəcib, həssas, kövrək dillə təqdim edib.

İlyas Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da ustad sənətkarın söz palitrasının çeşidli çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir. O, ədəbiyyatımızda-nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan “İlyas Əfəndiyev teatrı”nın yaradıcısı kimi əbədi şöhrət qazanıb. 

 

 

Baxış sayı: 1319