XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 15:02

Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində keçirilən 28-ci Dünya Müqəddəs Musiqilər Festivalı çərçivəsində uğurla təqdim olunub.

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında ölkəmizi Əməkdar artist, tanınmış tar ifaçısı Sahib Paşazadə və Əməkdar artist, peşəkar nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.

“Renaissances” (“Dirçəlişlər”) adlı tematik proqram çərçivəsində gerçəkləşən çıxış Fesin məşhur Jnan Sbil bağında keçirilib. Tədbiri 600-dən çox yerli və xarici tamaşaçı izləyib.

Konsertdə səsləndirilən Azərbaycan muğamı festival iştirakçılarını Şərqin zəngin musiqi dünyasına səyahətə çıxarıb. Tar və nağaranın vəhdətində ifa olunan əsərlər, qədim musiqi irsimizin fəlsəfi dərinliyi və emosional təsiri ilə tamaşaçılarda xüsusi təəssürat yaradıb. İfaçıların səhnədəki peşəkarlığı, improvizasiya ustalığı və Azərbaycan musiqisinin ruhunu yaşadan təqdimatı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin ideyası – Qafqazdan Qazaxıstan çöllərinə qədər musiqi körpülərinin qurulması – müxtəlif mədəniyyətlərin və coğrafiyaların bir araya gəlməsinə xidmət edib. Azərbaycan muğamı bu zəngin musiqi xəritəsində öz orijinallığı, melodik zənginliyi və dərin mənəvi məzmunu ilə seçilərək festivalın ən yaddaqalan çıxışlarından biri olub.

Bu çıxış Azərbaycanın Mərakeşdəki səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. “Fondation Esprit de Fès” tərəfindən keçirilən bu nüfuzlu festival artıq 28 ildir ki, dünya musiqi irsinin qorunması və xalqlar arasında mədəni dialoqun təşviqi məqsədi daşıyır.

Qeyd edək ki, festivalda Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, səfirliyin diplomatları, həmçinin diasporun nümayəndələri də iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakı ölkəmizin mədəni diplomatiya sahəsində nüfuzunun artmasına, həmçinin milli musiqi irsimizin beynəlxalq arenada daha geniş tanıdılmasına mühüm töhfə verir.

 

Baxış sayı: 43