XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2025 17:07

Mayın 24-də Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival “Azərbaycan səni sevirəm!” şüarı və “Mənim gözlərimlə Azərbaycan!” mövzusuna həsr olunacaq.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi təşkil edib.

Festival çərçivəsində elan olunan beynəlxalq müsabiqəyə Azərbaycanla yanaşı ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Peru, Hindistan və Myanmardan olmaqla 2 minə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılıb. Sərgilərdə 900-ə yaxın rəsm əsəri nümayiş olunub və bu əsərlərin müəlliflərinə sertifikatlar təqdim edilib. Əcnəbi iştirakçılar tərəfindən elektron poçt vasitəsilə göndərilən əsərlər çap edilərək çərçivədə sərgilənib, müəlliflərinə diplom və sertifikatlar göndərilib.

Festival iştirakçıları hər yaş qrupu üzrə I, II və III yerlər, eləcə də həvəsləndirici mükafat, diplom və hədiyyələrlə təltif olunacaqlar.

Tədbirin əsas məqsədi Azərbaycanın uşaqlar və gənclər tərəfindən necə görüldüyünü əks etdirmək, milli mədəniyyətin təbliği, eləcə də yerli və xarici iştirakçılar arasında mədəni mübadiləni təşviq etməkdir.

Baxış sayı: 32