XƏBƏRLƏR
MƏLUMAT
Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2025 14:20

Mayın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun yeni layihə çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.

Burada sənətkarın 2024-2025-ci illərdə çəkdiyi, mövzu baxımından biri digərini ardıcıl şəkildə tamamlayan, xalçanın yaranma mərhələlərini əks etdirən əsərləri nümayiş olunacaq. Arif Hüseynovun xalça sənətinə, milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik 20-dən artıq silsilə rəsm əsəri kətan üzərində qarışıq texnikada çəkilib.

Sərgidə yer alan əsərlər süni intellektin köməyi ilə canlandırılaraq süjet xəttinə uyğun hazırlanmış videoçarx vasitəsilə də təqdim olunacaq.

Eyni zamanda, xalçanın hazırlanması ilə bağlı bütün mərhələləri uşaqlar üçün yaddaqalan etmək və onların milli irsimizə marağını artırmaq məqsədilə muzeyin Uşaq şöbəsi tərəfindən yeni ustad dərsi keçiriləcək. İlk dəfə təşkil olunan “Xalça necə yaranır?” ustad dərsində uşaqlar qoyunun qırxılması, yunun daranması, əyrilməsi, xalçanın toxunması kimi proseslərin şahidi və iştirakçısı olacaqlar.

Sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.

Baxış sayı: 23