XƏBƏRLƏR
MƏLUMAT
Tahir Teymur oğlu Salahov
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2021 06:42

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat edib.

Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951-1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Tahir Salahov 1963-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 1984-1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

Tahir Salahov 1979-1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olub, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olub.

Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olub və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazıb. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri var. "Sərt üslub" adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb. Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaradıb, bununla Azərbaycan boyakarlığının kamil nümunələrini meydana gətirib. Sənətkarın mövzu və janr əlvanlığı, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnən, ali məqsədlər naminə humanist fikirlər təlqin edən, hər birində Vətən torpağına sonsuz məhəbbət duyulan ecazkar tabloları mədəni irsimizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutub. Tahir Salahov eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar verib.

Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olub. Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsi işinə sərf edib. Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə gənc rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynayacaqdır. Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınıb, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilib və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr verib.

Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Tahir Salahovun uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Müstəqil Respublikamızın ali mükafatlarından olan "Heydər Əliyev", "İstiqlal" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür.

Görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Fərhad Xəlilov

Ömər Eldarov

Salxab Məmmədov

Ağəli İbrahimov

Fuad Salayev

Baxış sayı: 1033