XƏBƏRLƏR
MƏLUMAT
Son on ildə ölkəmizdə 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib
ÜMÜMİ XƏBƏRLƏR
06/08/2021 07:47

Ötən dövr ərzində ekranlaşdırılan Azərbaycan filmləri 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 mükafat qazanıb.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəflərindən biri sosial sahədə önləyici inkişaf trendinin təmin edilməsi və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, ictimai həyatın bütün istiqamətlərində, eyni zamanda mədəniyyət sahəsində yeni nailiyyətlərin əldə olunmasıdır. Bunları nəzərə alaraq Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahələrinə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin verdiyi göstəriş və tapşırıqlar, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə mədəniyyət sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olub.

AZƏRTAC xəbər verir ki, 2010-2020-ci illər Azərbaycan kinematoqrafiyası üçün də bir çox uğurlarla yadda qalıb. Bu dövründə kinonun inkişaf etdirilməsi, kino müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar kinonun bütün sahələri üzrə fəaliyyətin genişləndirilməsi təmin edilib.

Ötən 10 il ərində “Azərbaycanfilm” kinostudiyasında “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Bəşəriyyətin xilası” “Qisas almadan ölmə”, “Axırıncı dayanacaq”, “Axınla aşağı”, “Nabat”, “Eviniz abad” (“Köşk”), “Nar bağı”, Qarabağın səsi”, “Balaca əsgər”, “Daxildəki ada” və digər bədii, “İnikas”, “Sonuncu”, “Sirr”, “Qarabağın səsi” qısametrajlı, həmçinin “Tarın sədaları. Mansurovlar”, “Çempion” sənədli, “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) adlı qısametrajlı bədii filmlər çəkilib.

Ötən dövr ərzində “Salnamə” sənədli filmlər studiyasında “Mən evimə qayıdıram”, “Mahmud və Məryəm” (Azərbaycan-Türkiyə) bədii filmləri, “Qafqaz qartalının uçuşu”, “15 ispaniyalı Bakıda” (Azərbaycan-İspaniya), “Əbədiyyət yolu”, “İz…Qala”, “Şərəf və vicdan”, “Parisdən məktublar”, “Lahıc etüdləri”, “Ömrümün simfoniyası”, “Müşketyor”, “Qalibiyyət”, “Vətən qeyrəti”, “Dağlar qoynunda şəhər” (“Lahıc etüdləri”), “Qafqazdan Appeninə”, “Nəğmə dolu bir ürəyəm” və başqa sənədli filmləri çəkilib. Eyni zamanda “Salnamə” studiyasının alman kinematoqrafçıları ilə birgə çəkdiyi və XIX-XX əsrlərdə Azərbaycanda yaşamış almanların həyatına həsr olunan “Ümid yeri” sənədli filminin təqdimatı Almaniyada və Bakıda təşkil olunub.

“Mozalan”, “Azanfilm”, “Yaddaş”, “Debüt”, “Nərimanfilm” studiyaları tərəfindən “Natəmiz, təmiz və biz”, “Tırtıl”, “İt sərgisi”, “İlbizi niyə qonaq çağırmırlar”, “Ən güclü kimdir?”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” cizgi filmləri, “Əlvida, Şmidt!” tammetrajlı, “Onun ürəyi” qısametrajlı bədii filmləri, “223 Belqrad diviziyası”, “Musiqi və zaman”, “Qara oyunlar”, “Çövkən”, “Cənubda şimal küləyi”, “Medo Hollandiyadadır”, “Top həm düşər, həm qalxar”, “Səsin iziylə”, “Yaddaşın rəmzi. Quba1918”, “Yarımçıq gündəlik”, “Qədim yurdun daş salnaməsi”, “Qobustan” və s. sənədli filmləri çəkilib.

Eyni zamanda kinostudiyalar tərəfindən Azərbaycanın Milli qəhrəmanları silsiləsindən onlarla ekran əsərinin istehsalı başa çatdırılaraq təhvil verilib.

Yeni filmlərimizi ölkə tamaşaçılarına təqdim etmək məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycanın bir sıra bölgəsini əhatə edən Kino Həftəsi keçirilib.

Ötən dövr ərzində dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Dubay, Rusiya və Ukraynada, Gürcüstan, Tatarıstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib.

Azərbaycanda Rusiya, Türkiyə, Özbək, Tacikistan, İran kinosu günləri təşkil olunub. Həmçinin Gürcüstan, Macarıstan, Türkiyə, Rusiya və bir sıra ölkələrdə Azərbaycan kinosu günləri keçirilib.

Ötən on il maraqlı kino premyeraları ilə də yadda qalıb. Bu illər ərzində rejissor Fikrət Əliyevin “Ölüm növbəsi”, İlqar Safatın “Sahə”, Çingiz Rəsulzadənin “Kuklalar”, Elxan Cəfərovun “Əlavə təsir”, “İki nəfər üçün moll”, “Dolu” bədii filmlərinin, rejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin, Ziya Şıxlinskinin “Qəlbin rəngləri”, Tahir Əliyevin “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin premyeraları keçirilib.

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Sübhün səfiri” bədii filminin Tbilisi şəhərində təqdimatı olub. “Azərbaycanfilm” kinostudiyasında Eldar Quliyevin çəkdiyi “İstanbul reysi” bədii filminin təqdimatı isə Heydər Əliyev Sarayında təşkil edilib. Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin ssenarisi əsasında Azərbaycan-Türkiyə birgə istehsalı olan “Mahmud və Məryəm” bədii filminin Qala gecəsi keçirilib. Ölkəmizdə təşkil olunan Beynəlxalq Turizm, Bakı Beynəlxalq İdman filmləri festivallarına onlarla ölkəni təmsil edən ekran əsərləri qatılıb.

2011-ci ildə 64-cü Beynəlxalq Kann kinofestivalında bir çox ölkənin pavilyonları ilə yanaşı ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olunub. Bundan sonra ardıcıl olaraq Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb.

Hesabat dövründə dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər Fransa, Çexiya, Danimarka, ABŞ, Rusiya, Ukrayna, Latviya, Moldova, Bolqarıstan, Makedoniya, Hindistan, Gürcüstan, Tatarıstan, Almaniya, Türkiyə, Estoniya, Özbəkistan və İranda keçirilən 25-dən artıq beynəlxalq kinofestivallarda nümayiş etdirilib.

2010-2020-ci illər ərzində kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamatində də müəyyən işlər görülüb, filmlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq kino festivallarında ölkəmizi təmsil edib. “Sonuncu”, “Nabat”, “Axınla aşağı” və digər filmlərimiz ən mötəbər beynəlxalq festivallarda uğurla iştirak edib.

Ötən müddət ərzində özəl kino şirkətləri tərəfindən istehsal edilmiş “4 baş”, “De sən öl”, “Qaranlıq”, “Cekpot”, “Bəxt üzüyü 2”, “Qulyabani”, “Güləhməd”, “Bir xalanın sirri”, “Ağ tük”, “Qatillə görüş”, “Son nəfəsədək”, “İkinci güllə”, "Şollerin arxivi", "El qəhrəmanı", "Cümhuriyyətin 9 şəkli", "Hiyləgər axmaqlar", "ÇAO", "İtkin”, "61 qram", "Balta”, "2 mal", “Mübarizə”, “Qaragöz”, “Bəla”, “Taxta ayı”, “Əsgərlər unudulanda ölürlər”, “Fəlakət”, “Xüsusi təyinatlı İbad 2”, “Əngəl sərhəd tanımır” kimi tam və qısametrajlı bədii, sənədli və cizgi filmləri Dövlət Reyestrində qeydə alınaraq Yayım vəsiqəsi ilə təmin olunub.

Təkcə bir faktı qeyd edək ki, 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında "Fəryad-2" tammetrajlı bədii filminin, “Bizim kino” maarifləndirici qısa filmlər layihəsinin, "Biz" sənədli filminin, “Salnaməfilm” studiyasında "Vətən müharibəsi (İkinci Qarabağ Müharibəsi) - 44 günlük savaş" tammetrajlı sənədli filminin, “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında - 2” animasiya filminin istehsalına başlanılıb. Bundan əlavə, Nazirliyin dəstəyi ilə Qarabağ həqiqətlərini bu bölgədən olan insanların dilindən səmimi şəkildə əks etdirən “Qarabağnamə” adlı 9 ədəd videoçarx hazırlanaraq KİV-də və internet resurslarında yayımlanıb.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ötən dövr ərzində “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Baxış sayı: 308