XƏBƏRLƏR
MƏLUMAT
Səsi ürəkləri fəth edən opera ifaçısı Sona Aslanova
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2022 01:02

Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alıb. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır.

Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyli gətirir. Sənətkar 200-dən çox mahnı ifa edib. "Görüş", "Telefonçu qız" və başqa filmlərə çəkilib. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova səsləndirib. Opera səhnəsində isə "Arşın mal alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb.

1956-cı ildə “Azərbaycan SSR-nin Əməkdar artisti” adına layiq görülüb. 1959-cu ildə isə "Şərəf” ordeni ilə təltif olunub. Üzeyir Hacıbəyli onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.

Sona Aslanovanın filmoqrafiyasında həmçinin “Anlamaq istəyirəm” (1980) filmində Çinarənin anası, “Arşın mal alan” (1965), “Bir az da Bahar bayramı” (1979), “Bizim Cəbiş müəllim” (1969), “Bizim küçə” (1961), “Doğma xalqıma” (1954), “Əmək və qızılgül” (1962), “Görüş” (1955), “Gün keçdi” (1971), “İstintaq” (1979), “Qəmbər Hüseynli” (2007), “O qızı tapın” (1970), “Ömrün səhifələri” (1974), “Telefonçu qız” (1962), “Üzeyir ömrü” (1981) filmlərində yaratdığı obrazlar və çıxışları da daxildir.

Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-a oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirib.

Sona Aslanova 9 mart 2011-ci ildə 87 yaşında Los-Ancelesdə vəfat edib.

Baxış sayı: 614