XƏBƏRLƏR
MƏLUMAT
Qəlbləri ovsunlayan səsin sahibi – Xalq artisti Sona Aslanova
ÜMÜMİ XƏBƏRLƏR
04/10/2021 02:13

Bu gün Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR Xalq artisti Sona Aslanovanın doğum günüdür.

Sona Aslanova uzun müddət xaricdə yaşasa da,azərbaycanlı olmasını heç zaman unutmayıb. Üzeyir Hacıbəylidən dərs alan xanım ifaçı 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib.

 O, ali və orta təhsilini Bakı şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib.

Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyli “Qəlbləri ovsunlayan səs” adlandırıb.

Sona Şahnəzər qızı Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib. İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan aktrisa uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarların nəğmələrini böyük coşqu və məharətlə ifa edib.

Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyli gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da məhz Sona Aslanova ifa edir. 

Opera səhnəsinə isə "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb. 

Filmoqrafiyasında "Anlamaq istəyirəm" (film, 1980) (ikiseriyalı bədii film)-rol: Çinarənin anası, "Arşın mal alan" (film, 1965), "Bir az da Bahar bayramı" (film, 1979), "Bizim Cəbiş müəllim" (film, 1969), "Bizim küçə" (film, 1961), "Doğma xalqıma" (film, 1954), "Əmək və qızılgül"(film, 1962), "Görüş" (film, 1955), "Gün keçdi"(film, 1971), "İstintaq"(film, 1979), "Qəmbər Hüseynli"(film, 2007), "O qızı tapın"(film, 1970), "Ömrün səhifələri" (film, 1974), "Telefonçu qız" (film, 1962), "Üzeyir ömrü"(film, 1981) filmləri yer alıb.

O, "Bizim Cəbiş müəllim”, “Görüş”, “Telefonçu qız”, “Bizim küçə”, “O qızı tapın” kimi filmlərdə yadda qalan obrazlar yaradıb. 

Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-a oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 

Sona Aslanova 10 mart 2011-cu ildə 87 yaşında Los-Anceles şəhərinin “Kaiser” xəstəxanasında vəfat edib.

Baxış sayı: 847