XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” rubrikasında Milli Qəhrəman Əli Məmmədov anılıb
ÜMÜMİ XƏBƏRLƏR
11/08/2021 06:08

Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Orta təhsilini Bakı şəhəri 255 saylı orta məktəbdə alıb. Sonra Bakı Poliqrafıya Məktəbinə daxil olub və çapçı ixtisasına yiyələnib. Bir müddət mətbəədə işləyib. 1975-ci ildə ordu sıralarına çağırılır. Hərbi xidmətini Macarıstanda keçir.

1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi işə başlayır. 1982-ci ildə Polis Akademiyasına daxil olur. 1984-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurub, Bakının Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilir. 1987-ci ildə nümunəvi polis işçisi kimi onu Moskva Polis Akademiyasına ixtisasartırma kursuna göndərirlər. Sonra Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsindən baş əməliyyat müvəkkili vəzifəsinəcən yüksəlir.

Polis kapitanı Qarabağda və sərhəd bölgələrində gedən döyüşləri həyəcanla izləyir, həmin bölgələrə getməyə can atır. Nəhayət, 1992-ci ilin əvvəllərindən o, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə cəbhə bölgələrinə göndərilir. 1992-ci il sentyabrın 24-də Əli yenidən döyüş bölgəsinə - Laçın rayonuna ezam olunur. Ermənilərin ələ keçirdiyi mühüm strateji əhəmiyyətə malik olan Qızartı yüksəkliyini almaq üçün kəşfiyyat planı hazırlanıb. Əli də bu kəşfıyyat qrupuna daxil edilib. Gecə yüksəklik düşməndən azad edilir, lakin oktyabrın 1-də sübh tezdən sayca qat-qat üstün olan düşmən əks-hücuma keçir. Əli qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək, yaralıların döyüş meydanından çıxarılmasına şərait yaradır. Son anadək mərdliklə vuruşan polis kapitanı başından ağır yaralanır. Bu, onun ömrünə son qoyur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 19 oktyabr tarixli 273 saylı Fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakının M.Ə.Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. 

Allah rəhmət eləsin.

Baxış sayı: 97