XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında-Milli Qəhrəman Emin Quliyev
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2022 00:53

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində doğulub. 1993-cü ildə 273 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib. 25 avqust 1994-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. O, Yalamada hərbi təlim keçdikdən sonra 776 saylı hərbi hissəyə göndərilib.İdmanın bir neçə növü ilə məşğul olub. Bu da ona bütün döyüş tapşırıqlarını bacarıqla yerinə yetirməyə imkan verib.

Emin Quliyevin xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam olunub. Təbii ki, onun əsgəri cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzərindən yayınmayıb. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozulub. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atıb.13 mart 1995-ci ildə çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başlayıb. Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı yatırmaq üçün hadisə yerinə göndəriliblər. Milli Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı toqquşma artıq başlayıb. Emin cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edib, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərib. Lakin güllələrdən biri ondan yan keçməyib.O, gözlərini əbədi yumub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Emin Ələkbər oğlu Quliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.

Baxış sayı: 348