XƏBƏRLƏR
MƏLUMAT
Qavaldaşı dindirən ustad – Əməkdar artist Çingiz Mehdiyev
ÜMÜMİ XƏBƏRLƏR
27/01/2022 00:12

Çingiz Mehdiyev 1932-ci il yanvarın 27-də Bakıda, ziyalı ailəsində dünyaya gəlib. Uşaq ayaq tutub yeriyən kimi iki daşı bir-birinə vurub ondan çıxan səsə özü də oynayarmış. Sonra bu səs onu qane etmir, böyüdükcə ritm aləminin sehrinə düşür. Axırda atası Çingizə bir zərb aləti alıb gətirir - qoşa nağara. Anası isə bunun əleyhinə çıxır, çünki ana yeganə oğul övladını həkim görmək istəyib.

1938-ci ildə ailəyə bədbəxtlik üz verir, Çingizin atası Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyev həbs olunur və güllələnir. Üç körpə uşaqla anası Zəkiyyə xanım Tiflisə qaçanda Çingizin altı yaşı olub. İkinci dünya müharibəsi başlanandan sonra Zəkiyyə xanım uşaqlarını da götürüb Bakıya qayıdır. Çingizdəki marağı görən ana babası Qulam bir gün əlindən tutub onu Üzeyir bəy Hacıbəylinin yanına aparır. Üzeyir bəy onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürür. Çingiz bu aləti sevmir, yalnız nağara çalmaq arzusu ona rahatlıq vermir. Orta məktəbi bitirəndən sonra isə anası onu Tibb İnstitutuna çəkib aparsa da, “xalq düşməni”nin oğlunun sənədlərini belə o instituta götürmürlər. Çingiz Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə qəbul olur. Tədbirlərdə, gecələrdə onun nağara ifası artıq diqqət çəkməyə başlayıb. Məktəbi bitirib, buraxılış komissiyasının sədri Qara Qarayev Çingizin çalğısını çox bəyənib. Onu yanına çağırıb deyir: “Sənin həvəslə və temperamentlə ifan çox xoşuma gəldi. Güclü biləyin var, həvəsin varsa bizim konservatoriyada oxu, yaxşı ifaçı olarsan.” Çingiz arzusunun gerçəkləşməsinin həm çox yaxın, həm də çox uzaq olmasından təsirlənir və gözlərində yaş donur: “Çox istəyirəm, amma kimdir məni ora yaxın qoyan, həm orda çox imkanlı uşaqlar oxuyur, həm də mənim atam “xalq düşməni” sayılır.

Qara Qarayev deyir sən narahat olma, ver sənədlərini, sən orda oxuyacaqsan.

Konservatoriyada Həsən Rzayevin sinfində təhsil alır. Hələ tələbə ikən tələbə-gənclər arasında ümumdünya festivallarının üç dəfə qalibi olur.

Mayestro Niyazi Çingiz Mehdiyevin istedadına heyran idi. Onu “ritmlər aləmi” adlandırıb. Onlar həm də dost olublar. Orkestri öz sehrli çubuğu ilə müşayiət edən Niyazi bəzən Çingiz Mehdiyev coşanda çubuğunu saxlayıb özü onu dinləyib, yalnız Çingiz qurtarandan sonra Niyazi çubuğunu qaldırıb orkestri arxasınca aparmağa başlayıb. Çingizin toyunu da Niyazi, Xan Şuşunski, Bəhram Mansurov kimi böyük sənətkarlar ediblər. İllər keçir, bir gün Çingiz Mehdiyevin yüzlərlə tələbələri sırasına onun öz oğlu da qoşulur. Ümumittifaq müsabiqələrə belə sənətkar öz oğlu ilə qoşulur.

Çingiz Mehdiyevin əlinə düşənə qədər nağara ikinci dərəcəli alət hesab olunub. Çingiz Mehdiyev sübut edib ki, nağarada gözəl solo parçalar çalmaq mümkündür.

Çingiz Mehdiyev ilk dəfə “Tərəkəmə”ni, “Çəngi”ni, “Vağzalı”nı, “Yallını” bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritmində əridib. Nağara Çingiz Mehdiyevin əlində zirvələrə ucalıb, ritm nə olduğunu onun nağarası musiqiyə anladıb.

1978-ci ildə bir gün Çingiz Mehdiyevi Qobustana dəvət edirlər ki, xarici qonaqlar gəlib onlarla görüşsün. Çingiz Mehdiyev də nağarasını da götürüb gedir. Lakin qayaların füsunkar ritmi onu öz aləminə aparıb və məşhur “Qobustan Qavaldaş” kompozisiyası belə yaranır. Çingiz Mehdiyevin bu ifası ilə yanaşı, “Ekspress”, “Dünya xalqlarının ritmləri”, “Azərbaycan ritmləri” də televiziyanın qızıl fondunda qorunub saxlanılır.

1990-cı ilin noyabrında Çingiz Mehdiyev oğlu Həsənlə birlikdə Türkiyədə festivalda iştirak edib. Bu ifa iştirakçıları heyrətə salıb. Heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib, onu Çingiz və Həsən Mehdiyevlərə veriblər.

O vaxt ona “Əməkdar artist” fəxri adı cəmi bir il idi verilmişdi. 1992-ci ilin yanvarında filarmoniyada onun 60 illik yubileyi keçirilib.

Çingiz Mehdiyev çox çəkmədən ürək tutmasından dünyasını dəyişir.

Baxış sayı: 421