XƏBƏRLƏR
MƏLUMAT
Özünəməxsus ifası ilə yaddaşlarda yaşayan Xalq artisti Gülağa Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2022 00:39

Gülağa Allahverdi oğlu Məmmədov 1925-ci il iyun ayının 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb.

Müğənni kimi fəaliyyətə 1930-cu illərdə “Kəndlilər evi”ndə başlayıb. Burada özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən olub. Opera Teatrında keçiriləcək müsabiqədə iştirak edən azyaşlı Gülağa Ü.Hacıbəyli, Bülbül, S.Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə bəyənilib.

1947-ci ildə Musiqili Komediya Teatrında çalışmağa başlayıb, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarında Məcnun, Kərəm, Əsgər, Sərvər rollarında çıxış edib. Lakin bir neçə ildən sonra, 1949-cu ildə teatrdan ayrılıb.

Konservatoriyada oxuduğu illərdə vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Hüseynqulu Sarabskidən öyrənib. Oxuduğu mahnıların çoxu isə S.Rüstəmova məxsus olub. Çünki, S.Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq onun üçün yazıb. T.Quliyevin də, C.Cahangirovun da əsərlərini ilk səsləndirən G.Məmmədov olub.

Müğənni şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısının ifaçısı olub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrlərlə birgə çıxışlar edib.

Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) Xalq çalğı alətləri orkestrinin solisti olub. “Ay qız”, “Ana Kür”, “Oxu, gözəl”, “Şeir deyilmi”, “Mənim qızım” kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Müğənni əvvəlcə “Əməkdar artist”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Sevilən müğənni Gülağa Məmmədov 1994-cü il iyun ayının 7-də vəfat edib.

2002-ci ildə onun haqqında “Azərbaycantelefilm” tərəfindən qısametrajlı sənədli televiziya filmi çəkilib.

Baxış sayı: 305