XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabirin 157 illiyinə həsr olunmuş "Bənzərəm bir qocaman dağa ki, dəryada durar" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 09:37

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin kollektivi, Sabunçu rayon MKS-nin 11 saylı filialının kollektivi ilə birgə M.Ə.Sabirin 157 illiyinə həsr olunmuş "Bənzərəm bir qocaman dağa ki, dəryada durar" adlı tədbir keçirib.

Tədbirdə qəsəbə icra nümayəndəliyi, qəsəbə sakinləri, müəllimlər, tibb işçiləri, şagirdlər və M.Ə.Sabirin nəvəsi Sevda Tahirli iştirak edib.

Tədbiri açıq elan edən qəsəbə ağsaqqallar şurasının sədri Həsən Vəliyev qonaqları salamlayıb, yazıçının həyat və yaradıcılığından, M.Ə.Sabirin illər əvvəl Balaxanı qəsəbəsində yaşadığı dövrdən söhbət açıb. Sonra söz şairin nəvəsi Sevda Tahirliyə verilib. Sevda xanım da bu qəsəbənin ona nə qədər doğma olduğundan hər ilin bu günü burada M.Ə.Sabirin doğum gününün təntənəli şəkildə qeyd olunmasından qürur hissi duyduğunu vurğulayıb.

Daha sonra tədbirin bədii hissəsində çıxış edən Mədəniyyət evinin "Dərya" rəqs qrupu, "Zaur" ritm qrupu, Mədəniyyət evinin gitara qrupu, yeniyetmə aşıq Elçin Hüseynovun ifaları, qarmonda Həlimə Əliyevanın "Nəlbəki" rəqsi tədbirə rəngarənglik qatıb. 259, 69,4 saylı tam orta məktəblərin şagirdləri M.Ə.Sabirin yaradıcılığından müxtəlif şeirlər söyləyib kiçik səhnəciklərlə çıxış ediblər.

Tədbirin sonunda tanınmış meyxanaçılar Elşən Balaxanılı və Vilayət Balaxanılı böyük şairin şeirlərindən bəhrələnib bədahətən meyxana deyiblər.

Tədbir şairin "Mən vücudumda olan ətimi xalqımın yolunda cürütdüm, əgər ömür vəfa etsəydi sümüklərimi də xalqımın yolunda qoyardım" sözləri ilə yekunlaşıb.

Baxış sayı: 92825