XƏBƏRLƏR
MƏLUMAT
“İslimi” elementi memarlıq abidələrində
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2021 05:19

Azərbaycan Milli Xalça Muzeyi “Naxış karvanı” rubrikasında “İslimi” elementinin memarlıqda tətbiqi haqqında məlumat verib.

“İslimi” elementi dekorativ-tətbiqi sənət nümunələri ilə yanaşı, memarlıq abidələrinin – məscid, minarə, giriş baştağı, mehrab və digər tikililərdə işlədilən ornamentlərdən biridir. İslimilərin bir-birinə birləşərək əmələ gətirdiyi kompozisiyaya “islimibəndlik” deyilir.

İslimibəndlik Azərbaycan dekorativ-tətbiqi sənətində işlənən ornamental kompozisiyalardan hesab olunur. Bu kompozisiyadan Şirvanşahlar sarayının bədii tərtibatında geniş istifadə edilib.

Azərbaycan memarlığının bənzərsiz incilərindən biri Şirvanşahlar saray kompleksinə daxil olan tikililərin ornament və kitabələrinin təkraredilməz incə oyma təsvirləri, yüksək bədii zövq və ustalıqla yaradılmış detalları bu gün də insanları valeh edir.

Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətlərindən biri daş və onun üzərində tətbiq edilən ornamental oymanın harmonik vəhdəti əsasında formalaşıb.

Baxış sayı: 1890