XƏBƏRLƏR
MƏLUMAT
Heykəltəraş Arif Qaziyevin yaradıcılıq dünyası
ÜMÜMİ XƏBƏRLƏR
01/02/2021 03:23

Azərbaycan heykəltəraşlıq məktəbinə ötən əsrin 1960-cı ilində gələn heykəltəraşlardan biri də Arif Qaziyevdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, rəssam Şamil Qaziyevin ailəsində dünyaya gələn Arifin sənəti seçməsi təsadüfü olmayıb. Daima sənət əsərləri ilə rastlaşan, tez-tez sənət və sənətkar barədə maraqlı söhbətlər eşidən Arif get-gedə bu sənətə böyük maraq göstərərək heykəltəraş olmağı qərara alır. Arif Qaziyev əvvəlcə Bakı Pionerlər sarayı nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyində məşğul olur. Burada plastilindən düzəltdiyi heykəllər dərnək rəhbərinin diqqətini cəlb edib. Arif Qaziyevə M.F.Axundovun və Qoqolun əsərləri əsasında illüstrativ heykəlciklər işləməyi məsləhət görüblər. M.F.Axundovun və Qoqolun yubileyləri münasibəti ilə təşkil olunmuş uşaq sərgisində Arifin düzəltdiyi heykəlciklər diplom və mükafatlara layiq görülüb.

Bu sevincli mükafatdan sonra Arif Qaziyev mütləq heykəltəraş olmağı qərara alaraq, 1953-ci ildə orta məktəbdə təhsilini başa vurub, sənədlərini Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin heykəltəraşlıq şöbəsinə verir, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək burada çalışan tişə ustası P.Sabsaydan heykəltəraşlıq sənətinin sirlərini öyrənməyə başlayır.

Birinci kursdan başlayaraq öz əməksevərliyi, işgüzarlığı ilə müəllimlərinin diqqətini cəlb edib. Hələ tələbə ikən yaratdığı əsərlər öz orjinallığı və dəst-xətti ilə seçilməyə başlayıb. 1957-ci ildə respublika və ümumittifaq sərgilərində nümayiş etdirilən “Balıqlar” heykəl kompozisiyası bir çox sənətkar insanların diqqətində xüsusi yer tutur. Bu iş hazırda Barnaulda incəsənət muzeyində qorunub saxlanılır.

1958-ci ildə diplom işi kimi işlədiyi “İstirahət” əsəri ilə Arif Qaziyev tam sənətdə öz yerini tutmağa hazırlaşdığını açıq -aydın müəyyən edib. Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Arif Qaziyev ali təhsil almaqdan ötrü Tiflis Rəssamlıq Akademiyasına gedir və heykəltəraşlıq fakültəsinə daxil olur. Burda o heykəltəraş Mikatze Şoto Vladimiriçin emalatxanasında oxumağa başlayır. Bu akademiyada üç il oxuyandan sonra o, Surukov adına Moskva Rəssamlıq İnstituna daxil olur və heykəltəraş M.Q.Manizer və D.D. Jlenskidən dərs alır. Oxuduğu illərdə A.Qaziyev müxtəlif respublika və ümumittifaq sərgilərdə uğurlu əsərləri ilə təmsil olunur.

Moskva təhsilini başa vurduqdan sonra, doğma şəhərdə öz yaradıcılıq imkanlarından daha düzgün və səmərəli istifadə edir, yorulmaq bilmədən yaradıcılıq axtarışları aparır, dönə-dönə folklora, el sənəti örnəklərinə müraciət edir, xalq həyatını, tarixi qəhramanları araşdırıb tədqiq edərək onların obrazlarını canlandırır.

Arif Qaziyev “Babək”, “Atrapat”, “Atatürk” və s. heykəlləri vasitəsilə ümumi tarixdə mövcud olmuş tarixi şəxsləri əyaniləşdirir. Arif Qaziyev tarixi qəhrəmanlarının ən yaxşı cəhətlərini göstərməyə çalışıb, məhz ona görədə onun yaratdığı obrazlar müxtəlif, dərin fərdi, əsil insani keyfiyyətlərin daşıyıcısıdırlar. Heykəltəraşa yalnız müxtəliflik məxsus deyil, yaratdığı obrazlarda plastik həll, bədii yaradıcılığın yeni vəzifələrini daim dərketmə cəhti xasdır.

Bütün sənətkarların yaradıcılığında daimi sadiq qaldıqları bir Ana mövzusu var: Ana məhəbbəti, ana sevinci, ana qayğısı, ana kədəri... Heykəltəraş Arif Qaziyev yaradıcılığında bu obrazın bədii həlli yeni tərzdə istifadəsini tapıb, yeni məna kəsb edərək Ananı-vətənin rəmzinə çevirib. Heykəltəraşın bu səpkidə irili-xırdalı əsərlərinə həyəcansız baxmaq olmur. Onun “Qaçqın Ana” əsəri öz fəlsəfi keyfiyyətləri ilə seçilir. Oturmuş vəziyyətdə, sol əlini çənəsinə dayamış tərzdə təsvir edilib. Gözləri yollara dikilən, qulaqları səsdə qalan ana obrazında, çöhrəsində kədər, həyəcan görünsə də həyat ümid işartısı da duyulmaqdadır.

Heykəltəraşın əsas xüsusiyyətlərindən biri də yaddaqalan obrazları, səciyyələndirən cizgilər vasitəsilə qəhrəmanlarının mənəvi aləmini açmağa nail olur. Arif Qaziyevin fikrini yayındıran xırda detallardan imtina etməsi, iri və ümumiləşdirilmiş formalarla, obrazın varlığını bütün əlvanlığı ilə tamaşaçılara çatdırmaq cəhdi təqdirəlayiqdir.

Plastik ifadə, bədii ümumiləşdirmə heykəltəraşın “Tarla gözəli”, “XX əsr”, “Haçan qaldıracağam”, “Dəhşət”, “Oyanış”, “Bumeranq” və s. əsərlərində özünü göstərir. Bu işlərin hər birinin respublika və xarici sərgilərdə müvəffəqiyyət qazanması Arif Qaziyevin heykəltaraşlıq məktəbində öz dəsti-xəttinin olmasını sübut edib.

1980-ci ildə Arif Qaziyev ağacdan yaratdığı əsərinə “Gülüstan” adı verib. Bu zaman heç kimin ağlına gəlməyən tərzdə yaradılmış bu əsərin arxasında vaxtı ilə bütöv bir Azərbaycanın olmasını və zaman keçəndən sonra qonşularımız tərəfindən parçalayaraq iki hissəyə bölünməsinə bir işarədir. Bu əsər əsil fəlsəfi bir fikiri özündə əks etdirərək gələcək nəsillərə bir məlumat kimi yaşayacaqdır.

Heykəltəraşın tarixi şəxsiyyətlər silsiləsində yaratdığı ümummilli lider, prezident “Heydər Əliyev”, Azərbaycanın ilk peşakar memarı “Zivərbəy Əhmədbəyov”, Sovet İttifaqı Qəhrəmanı “Məlik Məhərrəmov”, “Bakı Ceyhan neft kəməri” əsərləri insan simasının tarixilik fonunda ən gözəl ifadəsidir.

Arif Qaziyevin yaratdığı portretlərindəki fərdi cizgilər son dərəcə müxtəlifdir. O hər bir obraz üçün konkret cizgilər, konkret ifadə vasitələri axtarıb tapır.

Arif Qaziyevin tarixi qəhrəmanlıq mövzusundakı əsərləri sırasında “Babək”in xüsusi yeri var. Dəqiqliklə təsvir olunmuş at sanki bir anlığa hərəkətə gələrək irəli gedəcək, atın belində Babək isə çox gərgin vəziyyətdə təsvir olunub, sağ əlində tutduğu qılıncını düşmənə zərbə endirməkdən ötrü qaldırıb, sol əlində düşmən silahından qorunmaqdan ötrü qalxan tutub. Heykəltəraş dinamikanı artırmaqdan ötrü Babəkin əynindəki paltarını arxada dalğalandırır, yüksək sürətlə qaçan atın quyruğunu qaçışda olduğu kimi təsvir edir. Arif Qaziyevin ən böyük arzusu ömrünün çox hissəsini həsr etdiyi atlı Babək heykəlinin şəhərimizdə ucaldığı günü görməkdir.

Baxış sayı: 256