XƏBƏRLƏR
MƏLUMAT
Gəncə mətbəxi və ləziz Gəncə dovğası
ÜMÜMİ XƏBƏRLƏR
20/10/2020 03:13

Gəncə qədim tarixi ilə yanaşı, həm də gənclik ruhunu özündə əks etdirən şəhərdir. Bu da Gəncənin milli mətbəxində öz əksini tapıb. Yerli təamlar olduqca çeşidli və maraqlıdır. Bu şəhər özünəməxsus şirniyyatı və yeməkləri ilə seçilir. Bakı paxlavasından fərqli olaraq, Gəncədə bişirilən paxlavanın rəngi açıq olur və o, mis sinidə köz üzərində bişirilir. Nanə, ispanaq və kərəviz kimi göyərtilərdən hazırlanan Gəncə dovğası; ətli, ağ pendirli, yaxud göyərti qutabı, kətə Gəncəyə səfər zamanı mütləq dadmalı olduğunuz yerli kulinariyanın sevimli nemətləridir. Gəncə mətbəxinə məxsus  digər yemək - üstü quzu əti ilə, quru meyvələrlə və soğanla örtülmüş və fətirlə əhatələnmiş piroqu xatırladan Şah plovun dadı isə damağınızdan heç vaxt getməyəcək.

İndi isə sizə ləziz  Gəncə dovğasının hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

5 litr qatıq

2 ədəd yumurta

1 stəkan yumru düyü

1 xörək qaşığı un

1 dəstə ispanaq

1 dəstə keşniş

1 dəstə şüyüd

Yarım dəstə nanə

Yarım dəstə kərəviz

Yarım dəstə dağ keşnişi

Hazırlanması:

Ayrıca qabda bir az yumru düyü bişirin. İspanaq, keşniş, şüyüd, nanə, kərəviz, dağ keşnişi təmizləyin, xırda-xırda doğrayın və aşsüzənə yığın. Qatığa bir az un, yumurta töküb möhkəm çalın, odun üstünə qoyun. Sonra qatığı qaynara düşənə qədər taxta qaşıqla qarışdırın. Əgər əl saxlansa, qatıq çürüyə bilər. Qatıq qaynamağa başlayanda əvvəl bişirilmiş düyünü, sonra isə doğranmış göyərtini əlavə edin, göyərti rəngini dəyişənə qədər (1-2 dəqiqə) qarışdırın. Göyərti bişəndən sonra dovğa qazanını ocağın üstündən götürün.

Nuş olsun.

 

Baxış sayı: 7937