XƏBƏRLƏR
MƏLUMAT
Gəmiqaya qayaüstü rəsmləri
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2022 07:26

Azərbaycanda qayaüstü rəsmlərin rast gəlindiyi digər yer Naxçıvanda yerləşən Gəmiqayadır. “Daş gəmi” mənasını verən Gəmiqaya Kiçik Qafqazın ən hündür zirvəsi olan Qapıcıq (3906 metr) dağının xalq arasında əfsanəvi adıdır. Burada bazalt qayalarında eramızdan əvvəl IV–I minilliklərə aid edilən maraqlı rəsmlərə rast gəlmək olar.

Gəmiqaya abidələrinin öyrənilməsinə 1970-ci illərdə başlanılıb. Nəticədə Naxçıvanın qədim sakinləri üçün xarakterik olan yaşayış yerləri və onların qayaüstü rəsmləri aşkarlanıb. Daşlar üzərində tapılmış rəsm və rəmzlərin sayı 1500-ü keçib və hələ də onlar üzə çıxır. Ən geniş yayılan təsvirlər heyvanların – keçi, öküz, maral, it, canavar rəsmləridir. Burada Naxçıvanın yüksək dağlıq zonalarında məskunlaşan bəbir təsvirlərini görmək mümkündür.

Qayaüstü rəsmlər ov səhnələrini əks etdirir, burada əsas ov obyekti dağ keçiləri olub. Təsvirlərdə ovçular ox və kamanla silahlanıblar. Ən maraqlı rəsmlərdən biri insanın atla yanaşı təsviridir. Rəqs edən insanların rəsmləri də geniş yayılıb. Bəzi qayaüstü kompozisiyalarda musiqi alətləri göstərilir. Çox maraqlı rəmzi işarələr mövcuddur: dairələr, dördbucaqlar, üçbucaqlar və s. Maraqlıdır ki, Gəmiqaya petroqlifləri də Qobustandakı qayaüstü təsvirlərlə və Azərbaycanın digər ərazilərində həmin dövrün maddi mədəniyyət abidələrindəki təsvirlərlə çoxsaylı paralel təşkil edir.

Baxış sayı: 1291