XƏBƏRLƏR
MƏLUMAT
Əhməd bəy Ağaoğlu – üç dövlətin vəkili
ÜMÜMİ XƏBƏRLƏR
24/08/2021 01:06

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılıb. Əmisi Mirzə Məhəmməd də o dövrün tanınmış ziyalılarından idi.

Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsib və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilməyib. Bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb.

Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin edilib.

Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib, həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışmaqla yanaşı, dini mövhumata qarşı da ciddi mübarizə aparıb. Buna görə də öz doğma şəhərində onu əvvəlki kimi Əhməd bəy deyil, “Firəng Əhməd” deyə tanıyıblar.

1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və “Kaspi” qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy, Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olub.

Aktiv ictimai-siyasi fəaliyyətinə görə, Bakı Şəhər İdarəsinə üzv seçilib. İlk əsəri olan “Axund və İslam”ı da elə həmin vaxtlarda qələmə alıb. İlk kitabı olan “Jenşina po islamu i v islame” (“İslama görə və islamda qadın”) rus dilində Tbilisidə 1901-ci ildə işıq üzü görüb. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayan Əhməd bəy 1906-cı ildə “İrşad” qəzetini, bir il sonra isə rus dilində “Tərəqqi” (“Proqress”) qəzetini nəşr etdirib.

1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb. “Fədai” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edən Əhməd bəy 1906-cı ilin fevral-mart aylarında Tbilisidə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycanı fəal şəkildə təmsil edib. Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində qeyd edib ki, Əhməd bəy həmin görüşdə tutarlı faktlar və ittihamlarla erməniləri susdurur.

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.

Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsilə Istanbulda “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulub. Elə həmin il Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il ərzində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Həmin dövrdə Ziya Göyalp, Yusif Akçura, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında çıxış edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisardan millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub və İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.

Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib. 1917-ci ildə Əlibəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə ABŞ prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciəti imzalayıb.

1918-ci ildə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun siyasi müşavirikimi Əhməd bəy Ağaoğlu da Vətənin harayına gələnlər arasında idi. Azərbaycan hökumətində yaranan fikir ayrılığını aradan qaldırmaq üçün səylər göstərən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Gəncədə “Türk sözü” qəzetini təsis etməyə və qəzetin 2 nömrəsini çap etdirməyə müvəffəq olub. Sonra isə Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.

Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mündros sazişindən sonra Əhməd bəy Ağaoğlu Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edib.

1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasına nail olmaq üçün Paris sülh heyətinə daxil edilib. Lakin hələ 1905-ci ildən başlayaraq, Ağaoğluna kin bəsləyən ermənilər İstanbulda onun yolunu ingilislərin əli ilə kəsirlər. Burada həbs edilən Əhməd bəy qısa müddət İstanbul həbsxanasında saxlandıqdan sonra, Osmanlı imperiyasının bir çox vətənpərvər paşaları ilə birlikdə Maltaya sürgün edilir. Maltada əsir həyatı yaşadığı iki il müddətində “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alır.

Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Respublikası Maltadakı vətəndaşlarını ingilis əsirlərlə dəyişir. Həmin əsirlər arasında Əhməd bəy Ağaoğlu da var idi. Maltadan İtaliyaya yollanan Əhməd bəy, o vaxt Azərbaycana rəhbərlik edən Nəriman Nərimanova Romadan məktub yazaraq Azərbaycana qayıtmaq, xalqa xidmət etmək istəyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Lakin Nərimanovdan cavab məktubu alan zaman Əhməd bəy artıq Türkiyədə idi. Nəriman Nərimanova yazdığı cavab məktubunda Azərbaycana yox, Türkiyəyə dönməsi zərurətini əsaslandrır.

Yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz haqda Atatürkdə yüksək təəssürat yaranır. Əhməd bəy Ağaoğlu 1921-ci ildə Mətbuat üzrə ümumi müdir vəzifəsinə təyin edilir və qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir.

1923-cü ildə Türkiyənin əsas nəşri olan “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir. 1925-ci ildə Ankara Hüquq Məktəbinin professoru olaraq, orada dərs deməyə başlayır.

Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edirlər. Atatürk Türkiyədə təkpartiyalı sistemdən ikipartiyalı sistemə keçməyi qərara alır və 1930-cu il avqustun 7-də müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri arasında Fəthi bəy və Nuri (Conker) bəylə yanaşı, Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri”ni yazıb.

“Sərbəst firqə”nin ləğvindən sonra Əhməd bəy dövlət vəzifələrində çalışmaqdan imtina edərək, universitetdə dərs deməklə yanaşı, jurnalist fəaliyyətini davam etdirməyə başlayıb. 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxıb. Bu qəzet mayın 29-dan sentyabrın 24-dək işıq üzü görüb. Həmin illərdə aparılan universitet islahatında Əhməd bəy ixtisar edilərək təqaüdə göndərilib.

1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu anadan olduğu doğma Şuşadan minlərlə kilometr uzaqda, türk dünyasının qüruru və ən böyük şəhəri olan İstanbulda vəfat edib.

Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.

Baxış sayı: 244