XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Zemfira Nərimanovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2023 00:45

Zemfira Nərimanova 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino fakültəsinə daxil olub.

1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova Akademik Milli Dram Teatrın səhnəsində “Yastı təpə” tamaşasında  Şeyda, “Yad adam”da Sofi, “Xurşudbanu Natəvan”da Təhminə, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Xumar, “Dəlilər və ağıllılar”da Südabə kimi onlarla səhnə əsərində yaddaqalan obrazlar ifa edib.

Xalq artisti Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda da rol alıb. Onların arasında “Pəncərədə işıq” televiziya tamaşasında Leyla, “Sarıköynəklə Valehin nağılı”nda Sarıköynək, “Ordan-burdan”da  Rəna, “Göz həkimi”ndə Nərminə, “İtkin gəlin”də Zərnişan çoxsaylı tamaşaçılar tərəfindən bugünədək izlənilir.

İstedadlı aktrisa “Azərbaycanfilm” kinostudiyasında “Beş çərək”, “Torpaq”, “Girişmə, öldürər” kimi filmlərə çəkilib. 

Zemfira Nərimanova 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub, Prezident mükafatçısıdır.

Baxış sayı: 14626