XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış aktyor Ruslan Sabirlinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2021 01:13

Ruslan Sabirli 1979-cu il sentyabrın 16-da ziyalı ailəsində anadan olub. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

Sumqayıt – Azərbaycanın ilk mentalisti, aktyor, prodüser, bəstəkar, Buktreyler Festivalının təsisçisi və direktorudur. "Buktreyler" və "Mentalizm" anlayışlarını Azərbaycana gətirən ilk şəxsdir. Qafqazda Facebook və Azərbaycanda Odnoklassniki sosial şəbəkələrində təsdiqlənmiş profil statusunu alan ilk tanınmış şəxsdir.

O, hələ məktəbdə oxuyarkən müxtəlif tədbirlərdə musiqiçi və mentalist kimi çıxış edib. Orta məktəbi başa vurduqdan sonra Sumqayıt Dövlət Universitetinə daxil olur və eyni zamanda universitet və şəhər tədbirlərində musiqiçi-aranjimançı, aparıcı və mentalist kimi çıxış edərək incəsənət və yaradıcılıqla daha yaxından məşğul olur.

Bakalavr və Magistr dərəcələrini qırmızı diplomla başa vurduqdan sonra, aspiranturaya daxil olmaq qərarına gəlir və "Çoxölçülü neyron idarəetmə sistemləri" mövzusunda dissertasiya müdafiə edir. Müəllifi olduğu bir çox elmi məqalələr beynəlxalq və yerli elmi jurnallarda çap edilir, bir sıra tezisləri beynəlxalq konfrans və seminarlarda işıq üzü görür.

Daha sonra, o Layihə menecmenti ixtisası üzrə Ukraynada təhsil alır və Beynəlxalq Layihə Menecmenti Assosiasiyası tərəfindən Sertifikatlaşdırılmış “Beynəlxalq Layihə Meneceri Level C” (IPMA Level C 0100428) statusunu qazanır.

2009-cu ildən Beynəlxalq Şagird Mübadiləsi Proqramının (Youth For Understanding - YFU) Azərbaycan ofisinin həmtəsisçidir.

Ruslan Sabirli, aktyor karyerasına müxtəlif TV reklam və sosial çarxlarda oynamaqla başlayıb.

Kinoya ilk gəlişi Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərlinin dəvəti ilə "Qaynana" serialından başlayıb. Bundan sonra türk rejissoru Naci Çəlik Bərksoy tərəfindən çəkilən "Həyat varsa" layihəsinin "Xəyanət", "Əsl sevgi", "Sürücü" filmlərinə baş rol təklifləri alır. Bu layihədən dərhal sonra isə Asif Abramovun rejissorluğu ilə çəkilən "Muradına çatan Günəş" serialında baş rol - Kapitan Murad obrazını canlandırmaq üçün dəvət olunur. Bir il sonra isə rejissor, prodüser Emin Mirabdullayev tərəfindən baş rol - biznesmen Həmid obrazını oynamaq üçün eyniadlı bestseller kitab əsasında çəkilən "Sənə inanıram" serialına dəvət alır.

2013-2014-cü illərdə kinematoqrafa həsr edilmiş www.cinemanews.az kinosaytını təsis edir.

2013-2014-cü illərdə CNC (Cinemtographic National Center) Film Məktəbini yaradır.

2014-cü ildə aktyorluq və prodüserlik təhsili almaq üçün Almaniyaya yola düşür.

2016-cı ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Buktreyler Festivalının Münsiflər Heyətinin üzvüdür.

Ruslan Sabirli musiqi təhsilinə 10 yaşında olarkən başlayıb. Orta musiqi təhsillidir, Azərbaycanın milli musiqi aləti olan tar sinfini bitirib. Bununla yanaşı, o, pianoda ifaçılıq dərslərini alıb və orta məktəb səhnəsində musiqiçi kimi çıxışlar edib. İlk musiqi kompozisiyası olan "Getsəm, bağışla" əsərini 17 yaşında bəstələyib.

Baxış sayı: 244