XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Süleyman Rəhimovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/10/2021 01:10

Süleyman Rəhimov 1900-cü il martın 22-də Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb. İlk təhsilini kənddə alıb, sonralar texnikum və ali məktəb bitirib.1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Şuşada pedaqoji kursda oxuduqdan sonra, uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib.

1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib.

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o, 50 il bu əsərinin üzərində işləyib və ona əlavələr edib. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.

Süleyman Rəhimovun əsərləri əsasında “Qanun naminə”, “Ayrıldıq ki, qovuşaq” filmləri çəkilib.

Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olub. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışıb (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər Komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləyib.

Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülüb. Üç dəfə Lenin ordeni (1946,1970,1975), “Qırmızı Əmək Bayrağı “ (1959), “Şərəf nişanı “ (1942) ordenləri və medallarla təltif edilib,1960-cı ildə xalq yazıçısı,1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını alıb.

Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Baxış sayı: 770