XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan SSR Xalq yazıçısı Mehdi Hüseynin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2023 00:14

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazıb.

1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirib. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanıb. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilib. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, “Azərbaycan Xalq yazıçısı” (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).

Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirib. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olub.

Mehdi Hüseyn yaradıcılığa müxbir yazıları ilə başlayıb. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilib. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapıb. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaradıb.

Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) peşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilib. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınıb.

O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlayıb. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunub. "Alov" (1961), "İntizar" (1944, İ.Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə.Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 374