XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladov
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2021 01:40

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. O, 132 saylı orta məktəbi bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Fuad Poladov sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Aktyorun Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar: Ferdinand - "Məkr və məhəbbət" (Şiller), Fərhad - "Məhəbbət əfsanəsi" (Nazim Hikmət), Nizami - "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Baron - "Həyatın dibində" (Maksim Qorki), Rauf - "Kərgədan buynuzu" (Maqsud İbrahimbəyov), Mirzə Səfi - "Mirzə Şəfi" (Nəbi Xəzri), Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə - ("Mahnı dağlarda qaldı", "Məhv olunmuş gündəliklər", "Qəribə oğlan", "Büllur sarayda", "Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev), Hamlet, Benedikt- ("Heç nədən səs-küy"), "Hamlet" (Uilyam Şekspir), Şahbaz bəy - "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə), Şöklü Məlik - "Torpağa sancılan qılınc" (Nəbi Xəzri), Çığatay - "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə), Avtandil - "Darıxma ana" (Nodar Dumbadze), Şah Qacar- "Şah Qacar" (Əli Əmirli), Müsyo İbrahim - "Müsyo İbrahim və Quran çiçəyi" (Erik-Emmanuel Şmitt).

Fuad Poladov 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Həmin teatrda  Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan), Daniel - " Tənha kişi üçün tələ" (R. Tom), Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski), Lopaxin - "Albalı bağı" (A.P. Çexov), Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis), Stefan " -Qara dəlik" (Q. Stefanovski), İblis - "İblis" (H.Cavid), Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe), Eddi Karbone - "Eddi Karbone" (Körpüdən örünən mənzərə) (A. Miller), Stefan -  "Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare), Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov), Lord Avqust - "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou), Floran - "Müqəddəs bədheybətlər" (J.Kokto), Eduard Polumb - "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon), Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema), Napaleon 1 - "Napaleon 1" (F.Brukner), Kardinal Vulsi - "Şah oyunları", (Q.Qorin), Həkim Dorn - "Qağayı" (A.P.Çexov), Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer), Didr - "Pozğun" (E.E.Şmitt) (A.Brailovskinin tərcüməsi) rollarında oynayıb.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 5 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Dəyərli sənətkar Fuad Poladov "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına, "Azərbaycan SSR Xalq artisti" fəxri adına, "Teatr Xadimi" qızıl medalına, "Qızıl Dərviş" mükafatına, "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına, Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Baxış sayı: 302