XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan teatr və kino sənətinin görkəmli siması – Sidqi Ruhulla
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2021 06:36

Martın 28-i Azərbaycan teatr və kinosunun müqtədir sənətkarı Sidqi Ruhullanın 135 yaşı tamam olub.

Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) 1886-cı il mart ayının 28-də (bəzi mənb. 9 aprel) Bakıda anadan olub. İlk təhsilini molla məktəbində alan Sidqi Ruhulla sonralar Bakıda tacir şagirdi işləyib. İlk dəfə Hüseyn Ərəblinskinin quruluş verdiyi Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" tamaşasında Telli rolunda çıxış edib. Aktyor Namiq Kamalın "Vətən" dramındakı Sidqi rolunda böyük uğur qazandığına görə həmin adı özünə təxəllüs götürüb. Sidqi Ruhulla "Nicat", "Səfa", "Həmiyyət" cəmiyyətlərinin teatr truppalarında, Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi "Müsəlman artistləri ittifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, Hüseyn Ərəblinskinin müxtəlif teatr dəstələrində müxtəlif rollarda çıxış edib.

1913-cü ildə Moskva teatrlarında təcrübə keçən Sidqi İranda və Gəncədə "Ərəbli", "Ərəblinski" imzaları ilə tamaşalar hazırlayıb və özü də baş rollarda çıxış edib.

Aktyor İranın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk teatr təşkilatçısı olub, Təbrizdə səhnə sənətinin təbliği məqsədilə "Xeyriyyə" cəmiyyəti yaradıb. Azərbaycanın qədim paytaxtı olan Təbriz şəhərində peşəkar teatrın təşəkkülü və inkişafı onun adı ilə bağlıdır.

Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" (30 dekabr, 1916) və "Əsli və Kərəm" (13 yanvar, 1917) operalarını yerli özbək və tatar teatr həvəskarlarının iştirakı ilə tamaşaya hazırlayıb.

Tiflisdə isə məşhur bəstəkar Məşədi Cəmil Əlibəyovun "Seyfəlmülük" operasını səhnəyə qoyub.

Üç yüzdən çox irili-xırdalı rol oynayıb, həm ayrı-ayrı truppalarda, həm də dövlət teatrında rejissorluq edib.

O, Azərbaycan klassiklərindən demək olar, əksəriyyətinin pyeslərində bir neçə quruluşda əsas rolları yaradıb. Akademik Milli Dram Teatrının 1948 və 1959-cu illərdə Moskva qastrolları zamanı Sidqi Ruhullanın oyunu dünya şöhrətli rus teatrşünasları tərəfindən yüksək qiymətləndirilib.

Aktyor "Şərqin səhəri" tamaşasındakı Ağalarov roluna görə 1938-ci ildə bir qrup yaradıcı heyətlə birgə Stalin mükafatı ilə təltif olunub. Milli teatrın inkişafındakı xidmətlərinə görə 1931-ci ildə Respublikanın "Əməkdar artisti", 1938-ci ildə "Xalq artisti", 1949-cu ildə "SSRİ Xalq artisti" fəxri adlarına layiq görülüb.

Sidqi Ruhulla 1959-cu il may ayının 5-də vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Baxış sayı: 867