XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan ədəbiyyatına bənzərsiz izlər salmış Nüsrət Kəsəmənli
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2020 00:39

Nüsrət Yusif oğlu Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib və bununla əlaqədar qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultaylarında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. 

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı Nüsrət Kəsəmənlinin məşhur şeirləri sırasında:  "Daha nağıllara inanmıram mən", "Biri vardı, biri yox...", "Səni unutsam...", "Vətən alov etsin odunu sənin", "Mənsiz qalacaqdır bu dünya birgün", "Oğru olmaq istəyirəm", "Ağacın altında kölgə", "Qoyunlar yeyəcək canavarları...", "Məhəbbətdən küsəndə", "Yoxdusa", "Mənim o ağaca yazığım gəlir...", "Mənə inanmırsan bir yuxu kimi", "İnanma əzizim, inan əzizim"in  adlarını qeyd etmək olar.

2003-cü ilin oktyabrın 15-də Təbrizdə vəfat edib.

Baxış sayı: 113