XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı-publisist, şairə Gülarə Munis “Qara daş” adlı mənsur şeirini təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
03/08/2022 03:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə kitabxananın Fəxri oxucusu, AYB -i və AJB-nin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis “Qara daş” adlı mənsur şeirini təqdim edib.

“Qara daş” adlı mənsur şeirdə şairə qara daşa müraciət edir, suallar verir. Sanki onunla danışır. Bəxti də rəngi kimi qara olan üzərində şəhid çöhrəsi gülümsəyən bu dərdli daşın nələr hiss etdiyini soruşur: “Şəhid Allahın sevdiyi kəsdir, qara daş! Qoru onu, əzizlə onu! İndi onun ən doğma bildiyi “kimsə” sənsən, qara daş! Sən!”– deyir.

Şeir oxuculara təqdim olunur.

Qara daş

Danış mənimlə, qara daş!

Nə sözün varsa de mənə. Nədir səni incidən, üzən?

Danış mənimlə, qara daş!

Sənin bəxtin də rəngin kimi qara oldu.

Heç ağlına gələrdimi bir şəhidin baş daşı olacaqsan?

Bir cavanın gülümsər çöhrəsi boylanır səndən, qara daş.

Ağ saçlı, qara örpəyli bir ana üzünü sənin üzünə söykəlib ağlayanda nə hiss edirsən, qara daş?

Onun göz yaşları isti olur, yoxsa soyuq?

Danış mənimlə, qara daş!

Ətrafda nə qədər qara daşlar var, nə yaxşı ki, sən tək deyilsən...

Onların da üzərindən baxışlarından kədər süzülən, zorla gülümsəyən surətlər boylanır...

Danış, qara daş. Aç qara qəlbində olanları söylə, bəlkə qəlbin aram oldu...

Nə qədər vahimə var səndə, qara daş! Heç kim səni sevmir...

Dünyada sevilən, əzizlənən bircə Qara daş var...

O da Kəbə divarına hörülən Həcərül-Əsvəd daşı.

Onu hamı sevir, ehtiramla əzizləyir.

Heç demə özü qara, taleyi ağ olan daş da olurmuş...

O daşın bəxti ağ imiş, qara daş...

Danış mənimlə, qara daş, danış qoy ürəyin boşalsın.

Sən özün də bilmirsən ki, sinənin üstündə necə bir sərvət saxlayırsan.

Bağrına basdığın şəkil bir şəhidin rəsmidir, qara daş!

Şəhid Allahın sevdiyi kəsdir, qara daş!

Qoru onu, əzizlə onu! İndi onun ən doğma bildiyi “kimsə” sənsən, qara daş! Sən!

Baxış sayı: 165