XƏBƏRLƏR
MƏLUMAT
Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/10/2025 12:03

Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri - Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.

Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, pavilyonda ölkəmizin tanınmış yazıçı və şairlərinin əsərləri, müasir Azərbaycan nəşrləri, uşaq ədəbiyyatı nümunələri, həmçinin milli mədəniyyət və irsimizi əks etdirən nəşrlər ziyarətçilərin diqqətinə təqdim edilib.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin nümayişləri, təqdimatlar və beynəlxalq görüşlər keçirilib. Xarici nəşriyyat nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində yeni razılaşmalar əldə edilib.

Frankfurt Beynəlxalq Kitab Sərgisi dünyanın 100-dən çox ölkəsindən 4 mindən artıq iştirakçını bir araya gətirən, qlobal kitab sənayesinin əsas hadisələrindən biri hesab olunur. Azərbaycan nümayəndə heyətinin iştirakının məqsədi ölkənin nəşriyyat və kitab sənayesini, milli ədəbiyyatını, həmçinin mədəni potensialını beynəlxalq səviyyədə təbliğ etməkdir.

Azərbaycan pavilyonu ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində əldə edilən əlaqələrin gələcəkdə ədəbi-mədəni əməkdaşlıqların inkişafına töhfə verəcəyi gözlənilir.

Baxış sayı: 20