XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2025 09:19

Lüksemburq şəhərində Kompendium Assosiasiyasının 8-ci Baş Assambleyası, Kompendium Ekspertlərinin Assambleyası və Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı keçirilib.

Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası və Lüksemburq Böyük Hersoqluğunun Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunmuş tədbirdə (16-17 oktyabr) Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının ölkəmiz üzrə eksperti Yaşar Hüseynli və kompendium layihəsinin 1999–2005-ci illərdə Azərbaycan üzrə ilk eksperti, UNESCO-nun Beynəlxalq Musiqi Şurası Azərbaycan bölməsinin sədri Nigar Axundova iştirak ediblər.

Təbirdə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2024–2025-ci illər üzrə fəaliyyət və maliyyə hesabatları, assosiasiyanın təşkilati və daxili məsələləri, perspektivləri, milli məruzələrin davamlılığı da müzakirə edilib. Ekspertlər tərəfindən mədəniyyət siyasətinin mövcud vəziyyətinə dair rəy və təkliflər səsləndirilib, əlaqəli tədqiqatların nəticələri təqdim olunub.

Tədbir çərçivəsində Nigar Axundova tərəfindən isə Bakı Müasir Musiqi Cəmiyyəti ilə bağlı təqdimat edilib.

Qeyd edək ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində analitik tədqiqatlar və müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Kompendium metodologiyasına əsasən, Avropa ölkələri tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələr müvafiq sahə üzrə qurumlar və mütəxəssislər tərəfindən geniş istifadə edilir. Azərbaycan Respublikasında aparılan mədəniyyət siyasəti və təmayüllərlə bağlı Yaşar Hüseynli tərəfindən hazırlanan növbəti milli məruzə bu ilin mart ayında Kompendium Assosiasiyanın onlayn platformasında nəşr olunub: (https://www.culturalpolicies.net/.../country-profile/...).

Xatırladaq ki, 1999-cu ildən bu platformaya qoşulan Azərbaycan Mədəniyyət Nazirliyi hazırda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür.

Baxış sayı: 29