XƏBƏRLƏR
MƏLUMAT
Klarnet ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
20/10/2025 13:51

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri keçirilib.

8-18 oktyabr tarixlərini əhatə edən layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Layihə üzrə oktyabrın 17-də Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində klarnet ixtisası üzrə ustad dərsi təşkil olunub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Məmmədovun iştirakı ilə reallaşan ustad dərsinə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən bir sıra musiqi məktəblərinin müəllim və şagirdləri də qatılıb.

Əvvəlcə MEMİM-in əməkdaşı Leyla Rzayeva və məktəbin direktoru Nəzifə Əliyeva çıxış edərək 12 ixtisas üzrə keçirilən ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığını bildiriblər. Qeyd edilib ki, Üzeyir bəy görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib.

Sonra paytaxtda fəaliyyət göstərən 4 nömrəli uşaq incəsənət, R.Babayev adına 25 nömrəli, 24 nömrəli onbirillik, 33 nömrəli uşaq musiqi məktəblərinin şagirdləri ifalarını təqdim ediblər.

Klarnet alətinin ifa imkanları, düzgün repertuar seçimi və digər vacib məqamlarla bağlı danışan Anar Məmmədov müəllim və şagirdlərə öz tövsiyələrini verib.

Baxış sayı: 58