XƏBƏRLƏR
MƏLUMAT
Vokal ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
22/10/2025 10:52

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən keçirilən və dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb.

Oktyabrın 18-də Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində layihənin sonuncu ustad dərsi keçirilib. Vokal ixtisası üzrə keçirilən ustad dərsi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Əməkdar artist Zenfira İsmayılova tərəfindən aparılıb. Dərsdə bu təhsil ocağı ilə yanaşı, baş idarənin tabeliyində fəaliyyət göstərən məktəblərin müəllim və şagirdləri də iştirak ediblər.

Öncə çıxış edən MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva Azərbaycan vokal sənətinin inkişaf tarixindən söz açıb, bu sahənin korifey sənətkarları tərəfindən köklü ifaçılıq məktəbinin formalaşdığını bildirib.

Sonra Bakı şəhər Müslüm Maqomayev adına 26 nömrəli, Tofiq Quliyev adına 12 nömrəli, Georgi Şaroyev adına 35 nömrəli və 24 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər. Zenfira İsmayılova vokal ifaçılığı ilə əlaqədar vacib məqamları diqqətə çatdırıb, gənc ifaçılara və müəllimlərə öz tövsiyələrini verib. Nəfəsin düzgün idarə olunması, repertuar seçimi, səsin qorunması kimi xüsusi məqamlar diqqətə çatdırılıb, sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, oktyabrın 8-də başlanan ustad dərsləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.

Layihə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşib.

 

Baxış sayı: 21