XƏBƏRLƏR
MƏLUMAT
Rəqs ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
20/10/2025 12:58

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri rəqs ixtisası üzrə davam edib.

Oktyabrın 8-də başlanan ustad dərsləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.

Layihənin sonuncu günündə – oktyabrın 18-də rəqs ixtisası üzrə ustad dərsi təşkil olunub. Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadənin iştirakı ilə keçirilən ustad dərsində bu təhsil ocağının “Aysel” rəqs qrupu və baş idarənin tabeliyində fəaliyyət göstərən Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin rəqs qrupu iştirak edib.

Əvvəlcə MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək ustad dərslərinin tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə etdiyini bildirib. O, dərslərin tanınmış mütəxəssislər tərəfindən aparıldığını və çox faydalı olduğunu diqqətə çatdırıb.

Sonra rəqs qrupları bir sıra Azərbaycan xalq rəqslərini ifa ediblər. Xalq artisti Rüfət Xəlilzadə qrup rəqslərinin əsas xüsusiyyətləri haqqında söz açıb, ifa zamanı diqqət yetirilməli əsas məqamlar əyanişəkildə icra edilib.

Baxış sayı: 54