XƏBƏRLƏR
MƏLUMAT
Müqəddəs Qurban bayramınız mübarək!
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2022 01:39

İslam aləminin müqəddəs bayramlarından biri də dini, irqi ayrı-seçkiliyə məhəl qoymadan, insanları sülhə, həmrəyliyə, paylaşmağa və birlikdə sevinməyə çağıran, dini-mənəvi saflığı hər zaman önə çəkən Qurban bayramıdır.

Qurban kəsmə ayininin tarixi kökləri islama qədərki dövrə aid edilir. Müxtəlif ölkələrdə mövcud qurbangahlar buna misaldır. Dünyaya daim sülh mesajı ötürən İslam dinində Qurban bayramı bir sınaq, bir mənəvi-əxlaqı dəyər kəsb edir və illər, qərinələr, əsrlər ötdükcə, nəsillər dəyişdikcə yüksək mənəvi dəyərlər daha da möhkəmlənir və bəşər övladını insanpərvərliyə, daxili kamilliyə, yüksək mənəviyyata aparır. İslamda Qurban bayramının tarixçəsini bir daha xatırlayaq.

İbrahim Peyğəmbərə yuxuda Allah-Təala oğlu İsmayılı qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün) əmr edir. İbrahim (ə.) əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl (ə.) özü də qurban olmağa razılaşır. Lakin uca Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.

Qurani Kərimdə müqəddəs Qurban bayramı barədə: "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Əziz dostlar, hamınızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, sağlam, firavan həyat arzulayırıq!

Baxış sayı: 217