XƏBƏRLƏR
MƏLUMAT
Məşhur argentinalı yazıçı Xorxe Luis Borxes
ÜMÜMİ XƏBƏRLƏR
24/08/2021 03:00

XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkiri,esseist, şair və tərcüməçi Xorxe Luis Borxes 24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulub. O, bir o qədər də çox əsər yaratmayıb: bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır. Lakin buradakı fikirlər cildlərə sığar. Onlar ilk baxışda qəribə görünür, hər yerdə ziddiyyət. Sonra başa düşürsən ki, Borxes müxtəlif mümkün baxışları və şərhləri nəzərə alaraq, hər şeyi eyni vaxtda müxtəlif yönlərdən görür. Borxes dünyanın faniliyini, ondakı bütün hadisələrin mürəkkəbliyini qeyd edir. Borxes demək olar, bütün dinlərin dərin bilicisi idi, lakin dindar deyildi.

“Sehrli gerçəklik” (Magic realism) axınının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri "Ficciones" (1994) və "Alef" (1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. Alimlər düşünürlər ki, Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlər vasitəsilə yaratmağa kömək edib. 1914-cu ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçüb. Ailə İspaniyada qalmaqla, həm də Avropanı gəzib. 1921-ci ildə Argentinaya qayıtdıqdan sonra Borxes şeir və esselərini sürrealist ədəbiyyat jurnallarında çap etdirməyə başlayıb. O, həmçinin kitabxanaçı və ictimai mühazirəçi kimi də çalışıb. 1955-ci ildə Milli İctimai Kitabxananın direktoru və Buenos-Ayres Universitetinin professoru təyin olunub. O, 1961-ci ildə Samuel Bekketlə bölüşdüyü Beynəlxalq Mükafatdan sonra dünyanın diqqətini özünə çəkib. 1971-ci ildə isə Qüds mükafatını qazanıb. Əsərləri tərcümə edilərək Avropa və ABŞ-da geniş şəkildə çap olunmağa başlayıb.

Yazıçı Borxes sonuncu əsəri olan "Sui-qəsdçilər"i 1986-ci ildə vəfat etdiyi Cenevrəyə həsr edib.

Baxış sayı: 241