XƏBƏRLƏR
MƏLUMAT
Mərkəzi Elmi Kitabxana “Məhəmməd Füzuli - 530” elektron məlumat bazasını təqdim edir
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2024 17:23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində hazırlanıb.

Bazada Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Məhəmməd Füzulinin İraqda qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat öz əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda Füzulinin 500 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair materiallar da bazaya əlavə olunub.

Elektron məlumat bazasında Füzuli yaradıcılığının ayrı-ayrı məsələlərini, istiqamətlərini və motivlərini sistemli şəkildə tədqiq edən elmi əsərlər yer alıb.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxanada “Məhəmməd Füzuli - 530” adlı sərgi də yaradılıb. Sərgi ilboyu davam edəcək.

Baxış sayı: 267