XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 09:05

Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı – www.azcultureglobal.org təqdim edilib.

Portal Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə hazırlanıb.

Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, bu portal vasitəsilə mədəniyyət elçiləri elektron şəkildə əlaqələndiriləcək, ortaq layihələrin icrası və qarşılıqlı əməkdaşlıq asanlaşdırılacaq.

Qeyd edək ki, yeni portal Azərbaycan mədəniyyətini dünyada birləşdirən və tanıdan vahid qlobal şəbəkə rolunu oynayır. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mədəniyyət nümayəndələrini vahid rəqəmsal məkanda bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək və beynəlxalq əməkdaşlıqları təşviq etməkdir.

Platforma vasitəsilə hər bir mədəniyyət elçisi fərdi kabinet əldə edərək öz fəaliyyəti, layihələri və tədbirləri barədə məlumat paylaşa biləcək. Portalda həmçinin interaktiv xəritə, tədbir təqvimi, axtarış sistemi və analitik hesabat bölməsi mövcuddur.

Rəqəmsal sistem Azərbaycan mədəniyyətinin qlobal səviyyədə tanıdılması, eləcə də yaradıcılıq potensialının koordinasiyalı şəkildə təqdim olunması məqsədinə xidmət edir.

Baxış sayı: 38