XƏBƏRLƏR
MƏLUMAT
Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçirilir
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2025 12:11

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır.

Qeyd edək ki, noyabrın 5-dək davam edəcək forum çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, plenar sessiyalar, eləcə də mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur.

Tədbir gedişində, həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.

Baxış sayı: 37