XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana “Möminə Xatun Türbəsi haqqında virtual sərgi hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2020 04:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın qədim memarlıq abidələrindən biri olan Möminə Xatun türbəsi haqqında virtual fotosərgi hazırlayıb. 

Azərbaycanın qədim memarlıq nümunələrindən biri də özünün yüksək inşaat texnikasının səviyyəsi və zəngin memarlıq bəzəyi ilə başqa tarixi-memarlıq abidələrinin içərisində xeyli fərqlənən Memar Əcəminin şah əsəri, dəyanətli, əzəmətli Möminə Xatun türbəsidir ki, o,sanki eşq mücəssəməsidir. Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Binanın səthinə başdan-başa müxtəlif növ naxışlar vurulub. Türbənin bütün 10 guşəsinin bir-birini təkrarlamayan, bir-birinə azacıq belə oxşamayan mürəkkəb həndəsi naxışlarla işlənməsi memarın zəngin təfəkküründən, onun böyük istedadından xəbər verir. 

Möminə Xatun türbəsi iki hissəlidir - yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yerüstü hissənin xarici görünüşü planda onbucaqlı, daxili görünüşü isə dairəvidir. Bina bişmiş kərpicdən hörülüb,onun bütün səthini örtən piltələrin üzəri həmin kərpicdən düzəldilmiş zəngin ornamentlə, bəzi yerlərdə isə mavi mina ilə bəzədilib. Memar türbənin hədlərinin bəzəyində külli miqdarda kufi xətlə yazılmış kitabələrdən istifadə edib. 

Türbənin kimin üçün tikilməsi onun qurşağındakı kufi xətlə ərəb dilində həkk olunmuş yazıda göstərilir. Kitabələrdən aydın olur ki, türbənin Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldənizin hərəmi Möminə Xatun adlı qadının xatirinə inşa etdirib. Möminə Xatun Azərbaycanın diplomat qadınlarındandır. 

Binanın tikilməsi tarixi hicri 582 (miladi1186-cı) il göstərilir. Kitabədə Azərbaycan atabəyi Nüsrəd-əd-Din Məhəmməd Cahan Pəhləvanın (1175-1186) adı çəkilir. Bu maraqlı kitabədə "...dünyanın və dinin işıqlığı (Cəlalı) Möminə Xatun " qadın adına rast gəlirik ki, bu da 1175 -ci ildə Naxçıvanda vəfat etmiş Böyük atabəy Şəmsəddin Eldənizin hərəminin adıdır, atabəy Cahan Pəhləvanın anasıdır. Türbəyə giriş tağından bir az yuxarı, memarın adını daşıyan kitabə vardır. Bu kitabədə deyilir ki, "Naxçıvan memarı Əbu Bəkr oğlu Əcəminin işidir ".

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən  biri olan Möminə Xatun türbəsi "Naxçıvan məqbərələri" tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO -nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi -Mədəni İrsin İlkin siyahısına daxil edilib.

Virtual sərgini kitabxananın "instagram" hesabından izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CANBsvwhH3p/?igshid=srws3kjmjjl8

Baxış sayı: 749