XƏBƏRLƏR
MƏLUMAT
Dahi Hüseyn Cavidin “Azər” əsərinə Şərqlə Qərb məfkurəsi müstəvisindən bir baxış
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2020 04:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin “Azər” poemasını təqdim edib.

Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb. 

“Azər” poeması H.Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. Azərin Qərb və Şərq ölkələrinə səyahətləri yeni tarixi mərhələdə dünya gedişatını öyrənmək, inkişafın ən məqbul yolunu seçmək məqsədini izləyir. Poemada həmin ölkələrin fəqli xüsusiyyətləri haqqındakı düşüncələr Azərin simasında dünyanı, sivilizasiyaları sintez etmək meylinin ifadəsindən ibarətdir:

Şərq elləri irişilməz “xəyal” için yaşarkən,

Qərb elləri az da olsa, həqiqətdən xoşlanar.

Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən,

Onlar yeni bir silah kəşfini səadət sanır. 

Əsərin əsas qəhrəmanı Azər Cavidin əksər dramatik qəhrəmanlarından fərqli olaraq, tarixdən deyil, real həyatdan alınmış bir bədii obrazdır. Azər şairin müasiri, daha çox isə onun özünün proobrazıdır. Azərin yaşadığı mühitə, üzvü olduğu cəmiyyətə, Qərbə və Şərqə baxışları müəllifin şəxsi qənaətlərinin və düşüncələrinin ifadəsidir. Poemanın böyük bir hissəsində Azərin Almaniyaya səfərindən söz açılması, əsərin bir çox bölmələrinin Berlində yazılması ilə H.Cavidin Almaniyaya gedib orada müalicə olunmasının səsləşməsi də obrazla müəllifin baxışları arasında möhkəm bağlılıq olduğunu aydınlaşdırır.

Azərin Qərbə və Şərqə səfərləri sadəcə səyahət, gəzinti, əyləncə olmayıb, dünyanı öyrənib məmləkətini və millətin irəli aparmaq niyyətlərinin ifadəsidir. Bütövlükdə Azər həyata və cəmiyyətə yeni nəzərlərlə baxan, dünyada gedən prosesləri obyektiv dərk və təhlil etmək qabilliyətinə malik olan yeni tipli bədii obrazdır.

Poemada H.Cavid Azərbaycanda qurulmuş yeni cəmiyyətə münasibətini də ifadə edib. Əsərin “Səlmanın səsi”, “İnqilab xırsızı”. “İsyan” bölmələrində yeni cəmiyyətin bədii dərki məsələləri ön mövqedə dayanır. Səlmanın dilindən deyilən “hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud “Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin həmin meylinin əks-sədasıdır. 

Poemanın “İnqilab xırsızı” bölməsində “inqilab kürkünə girmiş” Şura sədrinin törətdiyi özbaşınalıqların təsviri ilə şair yeni qurulmuş cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə gətirib. 

Hüseyn Cavidin poemaları Azərbaycan ədəbiyyatında romantik-fəlsəfi poemanın inkişafında mühüm rol oynayıb.

Baxış sayı: 2199