XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Vidadi Əliyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/09/2023 00:38

Vidadi Əliyev 1945-ci il sentyabrın 1-də Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri olub.

Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyli), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb.

"Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb.

Rejissor kimi bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A.Makayonok), "Əkizlər" (P.Paçev), "Qısqanc ürəklər" (M.Haqverdiyev), "Təklif" (A.P.Çexov), "Oğru" (M.Birkiyev) və s.

1988-ci ildən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başlayıb. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirib.

Vidadi Əliyev istedadlı aktyor kimi bu dövrə qədər geniş şöhrət qazanıb. Balaş (“Sevil”), Yaşar (“Yaşar”), Bəhram (“Solğun çiçəklər”), Müsyo Jordan (“Müsyo Jordan və dərviş Məstəli şah”), Xan (“Lənkəran xanın vəziri”), Areluizi (“İki ağanın bir nökəri”), Əsgər (“Arşın mal alan”), Volodka (“Tribunal”), Karandışev (“Cehizsiz qız”), Rüstəm (“Sən nə üçün yaşayırsan?”), Zəfər (“Məhəbbət yaşayır hələ”), Şahsuvarov (“Atayevlər ailəsi”), Savalan (“Məhv olmuş gündəliklər”), Qiyas (“Şəhərin yay günləri”), Müşviq (“Səni kim unudar”), Şıxlinski (“İmzalar içində”), Mitoş (“Hicran”) və s. kimi maraqlı və yaddaqalan obrazlar yaradıb.

Baxış sayı: 167