XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2022 00:46

Bu gün görkəmli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, sevilən sənətkar Nəsibə Zeynalovanın doğum günüdür. 

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, tanınmış aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Texnikumu bitirəndən sonra Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib.

Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb. “Bizim Cəbiş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.

Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatının laureatı olub (1974).

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası olub.

Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.

Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratmağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə Musiqili Komediya Teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas olub və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməyib. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişib, dialoqların məntiqini gücləndirib, vəziyyətə uyğun deyimlər, cümlələr qurub. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırıb, boyalardan gen-bol istifadə edib, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmayıb.

Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Görkəmli sənətkar 2004-cü il martın 10-da dünyasını dəyişib.

Baxış sayı: 663